Özbəkistanın “fikr.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsini rus dilində tam olaraq dərc edib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, “interpress.uz” portalı isə Ukrayna və İranın yenidən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini yazıb.
Sayt bildirir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib: “Ukraynanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Ölkəmiz Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsinə tərəfdardır”.
Portal yazır ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə dünya müsəlmanlarına müraciətində bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları qaytarılmalı, regionda sülh və təhlükəsizlik təmin olunmalıdır.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini dəstəkləyir.
Portal Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1 milyon köçkünün ölkənin müxtəlif rayonlarında və Bakıda yerləşdirilməsi haqqında da oxuculara məlumat verib.