İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk.
LEQAL.AZ xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir ki, “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır”, - deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib.
“Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi bölgəyə səfərini və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk. İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcək”, - deyə açıqlamada bildirilir.