Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş verən terror aktı zamanı cəsurluq nümayiş etdirən iki türklə telefonla görüntülü danışıb.
LEQAL.AZ azərtac-a istinadla xəbər verir ki, dövlət başçısı Mikail Özen və Rəcəb Tayyib Gültəkinin sağlamlıqları ilə maraqlanıb.
Türkiyə Prezidenti həyatlarını riskə ataraq yaralılara kömək göstərən hər iki gəncə təşəkkürünü bildirib.
Türkiyə dövlətinin başçısı xalqın və vətənin başını uca edən cəsur gənclərlə çox səmimi söhbət aparıb. Telefon zənginə görə, səmimi təşəkkürlərini ifadə edən gənclər bir gün dövlət başçısı ilə görüşmək şərəfini yaşayacaqlarına ümidvar olduqlarını bildiriblər.
Rəcəb Tayyib Gültəkin “adınızı şərəflə daşıyıram”, Mikail Özen isə “əllərinizdən öpürəm hörmətli prezidentimiz” kimi ifadələrlə Türkiyə dövlət başçısına sayğı və ehtiramlarını ifadə ediblər.