Paşinyan öz ölkəsinin darmadağın olmasında təqsirkarlar axtarır

Paşinyan öz ölkəsinin darmadağın olmasında təqsirkarlar axtarır
  • Siyasət

  • Ermənistan hökumətinin başçısı Nikol Paşinyan noyabrın 3-də “Jerusalem Post” nəşrinə müsahibəsində İsraili “iblis ilə müttəfiqlikdə” ittiham edib (bax: https://www.jpost.com/middle-east/armenian-pm-to-post-israel-joins-forces-with-the-devil-647790).

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Ermənistanın baş nazirinin sözlərinə görə, İsrail “Türkiyə ilə, suriyalı muzdlular və terrorçularla əlbir olaraq Dağlıq

    Qarabağ ermənilərinə qarşı soyqırımında iştirak edir”. Qəzet xatırladır ki, Yerevan özünün İsraildəki səfirini geri çağırandan az sonra yəhudi dövlətinin başçısı Reuven Rivlin Paşinyana zəng vurub və onun ölkəsinə humanitar yardım təklif edib. Ermənistan hökumətinin başçısı müxbirin

    “Ermənistan bu yardımı almaqda maraqlıdırmı” sualına kobud şəkildə cavab verərək İsrailin həmin yardımı “muzdlulara və terrorçulara” göndərməsini məsləhət görüb, bununla da bir daha sübut edib ki, Paşinyan Yerevandakı Teatr meydanından yüksək hökumət kabinetinə keçməklə siyasətçi olmayıb, əvvəlki kimi xuliqan küçə uşağı olaraq qalıb.

    Ümumiyyətlə, mən maraqlı bir xüsusiyyət müşahidə etmişəm. Hər dəfə erməni ordusu kiçik bir qələbə qazananda onu bu ordunun “rəşadəti”, “istedadı”, “mərdliyi” və s. kimi qələmə verirlər. Amma işləri özlərinin istədiyi kimi getməyəndə (yəni döyüş meydanında zərbə alanda) “təbii ki,”

    Ermənistan özündən başqa hamını təqsirkar hesab edir.

    Birinci Dünya müharibəsi dövründə də belə olub. O vaxt Şərqi Anadoluda baş vermiş üsyan ara-sıra qələbələrlə (əlbəttə, “rəşadət” sayəsində) bərabər sonda məğlubiyyətlə müşayiət olunurdu (“Antantanın satqınlığı”nın nəticəsi). Bu gün də eyni vəziyyət müşahidə olunur.

    Baş nazir Nikol Paşinyanın “Jerusalem Post” nəşrinə müsahibəsi Ermənistanın min illik göz yaşları tökməsi annalına daxil olacaq. Sən demə,
    Ermənistan ordusunun Qarabağda bugünkü məğlubiyyətlərində başqa ölkələrlə bərabər, İsrail də təqsirkar imiş. Onun təqsiri... Azərbaycana silah satmasıdır.
    Fikir verin, bağışlamır ha, satır.
    Yəni əlin cibində olsun, sən də al. Kim sənə mane olur?

    Amma yox! Ermənistanın dilənçi ölkə olması və özünü dolandıra bilməməsi, əlbəttə, onun yox, ətrafdakıların təqsiridir. Hamı “təqsirkardır”, bircə Ermənistanın özündən başqa. Azərbaycan da “təqsirkardır” ki, onun zəngin resursları var, səmərəli iqtisadiyyat qura bilib. Hərçənd indiyə qədər başımız-qulağımız getmişdi ki, Ermənistan özünün intellektual potensialı hesabına ölkədə texnoloji cənnət, ikinci “Silikon vadisi”, ikinci “İsveçrə” yarada bilər. Amma həmin potensial o qədər dərində gizlənib ki, indiyə qədər üzə çıxa bilmir.
    Ey bizim “əziz” qonşularımız, son 30 il ərzində nəyə görə heç nə yaratmamısınız? Kim sizə mane olurdu? Axı özünüz deyirdiniz ki, resurslar olmasa belə, intellekt hesabına güclü dövlət yaratmaq olar – yerin təkində heç bir sərvəti olmayan Yaponiya kimi, yaxud hər hansı təbii ehtiyatları olmayan Macarıstan kimi.

    İşğal etdiyiniz Kəlbəcər, Laçın və Zəngilan rayonlarında Azərbaycanın ələ keçirdiyiniz qızıl yataqları sizə kömək etmədi? Siz 30 il ərzində bizim qızılı çıxarıb satırdınız. Axı bu, ilkin kapital kimi sizə “çatışmayan” resurslar idi. Bəs nə üçün siz (Azərbaycanın hərbi sənayesi kimi) yüksək dəqiqlikli silahlar istehsal edə bilən iqtisadiyyat yaratmamısınız, yaxud elə həmin İsraildən silahlar almamısınız? Sizin “intellekt xəzinəniz” hara getdi? Deməli, bizim qızılı xərcləyib yediniz?

    “Hörmətli” Nikol Vayvayeviç! Ermənistandan fərqli olaraq Azərbaycan... (ölkənin adını demirik) pulsuz silah almır. Biz nə alırıqsa, halal pulumuzla alırıq. Amma sizə nədənsə pulsuz verilən silahlar da kömək etmir. İndi siz müftə canlı qüvvə almaq istəyirsiniz. Necə fikirləşirsiniz, pulsuz əldə etdiyiniz silahlar döyüş meydanında sizə nə üçün kömək etmir?
    Cavab məlumdur: ona görə ki, “sizin özünüzdən başqa hamı təqsirkardır”.
    İndi də İsrail “təqsirkardır”. “Jerusalem Post” nəşrində bu gün dərc edilmiş müsahibədə lap ağ eləmisiniz!

    Əgər Azərbaycan ümumiyyətlə xaricdən silah almasa, bu silahları özündə istehsal etməyə başlasa (yeri gəlmişkən, o, tədricən buna başlayıb), onda kim “təqsirkar” olacaq?
    Əlbəttə ki, sizdən başqa bütün dünya. Təqsir ondan ibarət olacaq ki, dünya Zori Balayanın sayıqlamalarına uyaraq qan tökməyə, onun ölkəsinin ələ keçirdiyi özgə torpaqlarını əldə saxlamasına kömək etməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər