Hədəf sülh prosesini, Paşinyan hökumətinin razılaşdığı şərtləri və Qarabağ ermənilərinin inteqrasiya prosesini sabotaj etməkdir!
Atəşkəsin pozulması və hərbçimizin şəhid edilməsi əslində Ermənistan tərəfinin növbəti təxribatıdır. Ancaq mən burda Ermənistanın indiki hakimiyyətindən çox onun daxilində olan, hakimiyyətə müxalif olan və xarici qüvvələrdən asılı olan tərəflərin maraqlı olduğunu düşünürəm. Son dövrdə istər sərhədlərin delimitasiya və demarkasiya məsələsində, istər nəqliyyat və kommunikasiyaların açılması məsələsində və istər də, sülh prosesi ilə bağlı müəyyən irəliləyişlər nəzərə çarpırdı. Güman etmək olardı ki, artıq tərfəflər: Azərbaycan və Ermənistan rəhbərliyi arasında müəyyən razılaşmalar, ən azından ön razılıqlar var.
Bundan başqa bu saatlarda Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilir. Hərbçimizin şəhid edilməsinin məhz belə vaxta düşməsi, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində Ermənistan ordusunun dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi bunun məqsədyönlü təxribat olduğunu bir daha sübut edir. Amma nəzərə almaq lazımdır ki, Paşinyan hökuməti güc strukturlarına, xüsusilə də orduya tam nəzarəti ələ keçirə bilməyib. Cinayətkar Qarabağ klanı bununla həm də Paşinyan hökumətini və onun sülh planlarını zərbə altında qoymuş oldu.
Eyni vaxtda, nəzərə almaq lazımdır ki, bu günlərdə Azərbaycan cəmiyyətinin Qarabağın erməni icması ilə birgəyaşayışının təməlləri formalaşdırılmağa başlamışdı. Qarabağın erməni icması, onun Azərbaycan cəmiyyətinə inteqrasiyası və bunun baş vermə üsulları ilə bağlı cəmiyyətdə müzakirələr gedirdi. Hətta ölkə rəhbərinin bu barədə sərəncam imzalayacağı gözlənilirdi. Hərbçimizin qətl edilməsinin həm də inteqrasiya prosesinə, cəmiyyətlərin, xalqların sülh və barış anlayışlarına balta vuracağı dəqiqdir. Düşünürəm ki, bütün bu səbəblər məhz bu qanlı və xain əməlin həyata keçirilməsində əsas olmuşdur. Səbəbindən asılı olmayaraq, bu cinayət əməlini törtəmiş qanunsuz erməni terror birləşmələri ən sərt şəkildə cəzalandırılmalıdır.
Turab Rzayev,
Siyasi analitik