“Dünya mədəniyyət xəzinəsinin incisi Nizami Gəncəvi” adlı elmi vebinar keçirilib

“Dünya mədəniyyət xəzinəsinin incisi Nizami Gəncəvi” adlı elmi vebinar keçirilib
  • Mədəniyyət

  • YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə onlayn vebinar keçirib.

    LEQAL.AZ-ın məlumatına görə, “Dünya mədəniyyət xəzinəsinin incisi Nizami Gəncəvi” adlı tədbirdə YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının üzvləri, alimlər və gənclər iştirak ediblər.

    Vebinara YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə moderatorluq edib.

    Deputat Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamının bəşəri əhəmiyyətindən, mənəviyyat xəzinəmizə yeni, əvəzsiz bir töhfə olmasından danışıb.

    Pərvin Kərimzadə bildirib ki, Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Humanist, mütəfəkkir şair kimi şöhrət qazanan görkəmli ədibin əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin mənəvi dünyasına işıq saçır. Nizami Gəncəvi, eyni zamanda təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın sevimli şairi olaraq şöhrət qazanıb.

    Azərbaycan Dövlət Pedaqojı Universitetinin Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova böyük şairin bəşəriyyətə təlqin etdiyi mənəvi dəyərlərin ən çətin zamanlarda da insanlar üçün bir ümid işığına, gələcəyə, inkişafa yol göstərən mənəvi bələdçi olduğunu qeyd edib: “Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir”.

    Xalq artisti Şahnaz Haşımova müdrik şairin yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, insanın ruhuna, əqlinə və təfəkkürünə hakim olduğunu qeyd edib, Nizami Gəncəvinin qəzəlinə bəstələnmiş nəğmələr səsləndirib.

    AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyeva dünya şeriyyatının günəştək nur saçan müdrik siması, Şərq poeziyasının ecazkar qüvvəsi Nizami Gəncəvinin özündən sonra yaranmış ümumşərq ədəbiyyatına göstərdiyi təsirdən, əsərlərinin dahi şəxsiyyətin saf, təmiz mənəviyyatından, xeyirxah təbiətindən, bəşəri arzularından, pak niyyətindən xəbər verdiyindən danışıb.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva ezoterik dünyagörüşün bədii forma içərisində fəlsəfi dərki, ezoterik ədəbiyyatın sənət nümunələrindən olan Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri barədə ətraflı məlumat verib.

    Gəncə Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova Azərbaycan nizamişünaslığının ilk nümunəsi-Mirzə Məhəmməd Axundovun "Şeyx Nizami" kitabına nəzər salıb.

    Tədbir iştirakçıları Nizami Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı mövqeyindən, əsərlərindəki fəlsəfi fikirlərdən, bəşəriyyətin bədii söz sənətinə "Xəmsə" adlı xəzinəni bəxş etməsindən, əsərlərinin gənc nəslin təlim-tərbiyəsində əvəzsiz rolu oynamasından və digər mövzular barədə ətraflı çıxışlar ediblər.

    Vebinar iştirakıçıları Nizaminin əsərlərindən nümunələr gətirərək tədbiri daha da maraqlı ediblər. azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər