Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi Berndə konsert proqramı ilə qeyd edilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi Berndə konsert proqramı ilə qeyd edilib
  • Mədəniyyət

  • Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin birgə təşkilatçılığı ilə İsveçrənin Bern şəhərinin görkəmli musiqi məbədlərindən hesab edilən Filarmoniyada təntənəli konsert təşkil olunub.

    Leqal.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə İsveçrənin rəsmi şəxsləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Milli Məclisin deputatı, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova, elm və mədəniyyət xadimləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

    Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev üçün mürəkkəb geosiyasi dövrdə - Azərbaycanın yeni qazandığı müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi, eləcə də Ermənistanın ölkənin hərbi təcavüzü ilə üzləşdiyi, işğala məruz qaldığı, siyasi, iqtisadi və sosial böhranlarla iflic vəziyyətinə düşdüyü vaxtda hakimiyyətə gəldi və ölkəni tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı, müasir Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu. Dahi şəxsiyyət idarəçilik bacarığı, əzmkarlığı və qətiyyəti sayəsində respublikanın tarixi müqəddəratını həll etdi. Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutub.

    Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyası və onun uğurlu nəticələrindən söz açan səfir qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə 1994-cü ildə iqtisadi sahədə həyata keçirilən yeni enerji strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında həlledici rol oynadı, respublikamızın iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi və müstəqil xarici siyasəti üçün möhkəm zəmin yaratdı. Bu layihə sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.

    Səfir Azərbaycanın Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından biri olduğunu diqqətə çatdıraraq, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda tarixi İpək Yolunun (TRASEKA) bərpasına həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətindən danışıb.

    Diplomat bildirib ki, türkdilli ölkələrlə əlaqələrin fəallaşması da Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən 7 türk ölkəsinin musiqiçilərinin iştirakı təsadüfi deyil.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycanın inkişafına misilsiz töhfələrdən danışıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın və Türk dünyasının böyük oğlu, dövlətimizin inkişafı üçün geniş imkanlar yaradan dahi rəhbər olduğunu vurğulayıb. Ulu Öndərin multikultural və tolerantlıq dəyərlərinə böyük önəm verməsindən danışan G.Əfəndiyeva bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu müasir Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, milli-mədəni rəngarənglik və dini müxtəliflik mühitinin dövlət səviyyəsində bərqərar olduğu müstəqil ölkədir. Türk xalqları arasında münasibətlərin bərpasında, əlaqələrin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən Fondun prezidenti Ümummilli Liderin təşəbbüsləri ilə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulmasından danışıb. O, Ulu Öndərin Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvlüyünə qəbul edilməsi zamanı çıxışındakı sözlərini xatırladıb: “Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə - vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır”.

    G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu missiyasından, məqsəd və fəaliyyətlərindən danışıb, Fondun himayəsi ilə qurulan “Yeddi Gözəl” qrupunu təqdim edib. Fondun prezidenti türk dövlətlərini təmsil edən istedadlı və peşəkar qadın musiqiçilərdən təşkil olunmuş “Yeddi Gözəl” musiqi qrupu, onun yaranması haqqında məlumat verib. Bildirib ki, qrup gənc olmasına baxmayaraq, Fondun müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdə uğurla çıxış edib.

    Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Türkiyədə yaşayan azərbaycanlı pianoçu və dirijor, Əməkdar artist Turan Manafzadənin rəhbərliyi ilə 7 ölkədən olan musiqiçilərin ifasında Azərbaycan, qazax, qırğız, türk, özbək, türkmən, macar və dünya bəstəkarlarının musiqiləri səsləndirilib. Üzeyir Hacıbəyov, Fikrət Əmirovun əsərləri, Azərbaycan xalq mahnıları “Sarı gəlin”, “Laçın” ifa olunub. T.Manafzadənin “Türkiyə 100” və “Yeddi Gözəl” qrupunun “İntermezzo” musiqiləri ilk dəfə səsləndirilib.

    Sonra iştirakçılar Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq ediliblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər