44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış 3-cü dərəcəli “Rəşadət” ordenli gizir Rəfail Teymur oğlu Hüseynovun xatirəsinə ithaf olunan "Şuşa fatehi" adlı onlayn ədəbi-bədii kompozisiya səhnələşdirilib.
Masallı Xalq Teatrının səhnə heyəti və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə əməyilə hazırlanan teatr kompozisiyası noyabrın 26-da Masallı Mədəniyyət Mərkəzində nümayiş olunub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra şəhid gizirin ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş edilib.
Səhnə əsərinin müəllifi yazıçı-publisist Nurəddin Ədiloğlu çıxışında şəhidin qəhrəmanlıq yoluna qısa səyahət edərək «Şəhidlik manifesti» kitabının təqdimatından indiyə kimi 11 dəfə ədəbi-bədii kompozisiyanın keçirilməsinə görə rayon və mədəniyyət idarəsinin rəhbərliyinə minnətdarlıq bildirib:”Bu, şəhidlərimizin ruhuna, qəhrəmanlığına çox böyük ehtiramdır...”
Şəhidin atası Teymur Hüseynov övladının şəhidliyini Vətəni qorumaqda ən müqəddəs amal kimi dəyərləndirib:”Hələ uşaqlıqda özünün qeyri-adi bacaraığı, cəsarəti ilə fərqlənirdi. Belə oğullar valideynlər üçün, böyüdüyü el-oba üçün, ən başlıcası isə Vətən üçün başucalığıdır...”
Tamaşadan sonra Masallı RİH başçısı Şahin Məmmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və digər rayon rəsmiləri şəhid valideynlərilə görüşərək onlara səbr diləyib, şəhid Vətən övladlarının ruhuna ehtiramlarını ifadə ediblər.
Ədəbi-bədii kompozisiya Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi "Facebook" səhifəsi vasitəsilə canlı yayımlanıb.
***
Məlumat üçün bildirək ki, Rafail Teymur oğlu Hüseynov 1 yanvar2000-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. 2017-ci ildə Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbini bitirib.
Uşaqlıqdan ermənilərin millətimizə qarşı törətdiyi cinayətlərlə barışmayıb Rafail. Xalqımızın soyqırıma məruz qalması, torpaqlarımızın işğalı onda hərbi peşəyə maraq oyadıb. Ona görə hərbçi olmaq istəyib.
2018-ci ilin yanvarında hərbi xidmətə yollanıb. Sonra Xüsusi Təyinatlı Qüvvələr kursuna könüllü yazılıb. Altı aylıq kursdan sonra hərbi hissədə kiçik gizir rütbəsində çalışmağa başlayıb. Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edilib. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilib. Onlardan biri də Rafail olub.
Sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin 42 gününü döyüşüb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib.
Xüsusi vasitələrlə erməni traktorunu işə salıb, arxasını balaca arabaya qoşaraq yaralıları ordan çıxardıb. Bunları onun döyüş yoldaşları söyləyib. Deyirlər, Kəlbəcərdə şəhidləri, yaralıları çıxardırdıq. 150-200 metr dərinliyində, dərənin aşağı hissəsində şəhid və yaralılar var imiş. Onları çıxardıblar. Orda köhnə traktor tapıblar. Rafail tez işə salıb, başqa traktordan benzin töküblər.
Maşın üçün qoşqu tapıb istifadə ediblər. Hamısı minib, traktoru da Rafail sürüb. Bir neçə kilometr gediblər, sonra starter yanıb. Ona qədər öz maşınlarımız köməklərinə çatıb. Rafailgil Murovdakı əməliyyatdan sonra, Kəlbəcərə daxil olublar, iki gün orda qalıblar. Sonra geri qayıdıb Füzuliyə tərəf irəliləyiblər. Üç gün yol gedib, Hadruta giriblər. Səhərə yaxın, meşəlik ərazidən daxil olublar. Orda atışma başlayıb.
Füzulinin kəndlərini alıblar. Ondan sonra Şuşaya tərəf gediblər. 12-13 saat, bir gecə yolda olublar. Şuşanın Daşaltı kəndinin yanında meşəlik var. 3 gün orda gözləyiblər. Gecə saatlarında Şuşaya giriblər. Şuşa-Laçın yolunda 4-5 saat atışma olub. Bütün bunları danışan döyüş yoldaşı Şuşanın girəcəyində yaralanıb, Rafail irəli gedib. Öz taborlarından tək Rafail qalıb. Başqa dəstələrə qoşulub Şuşaya hücum edib və şəhid olub...
Subay idi.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rafail Teymur oğlu Hüseynov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Məlumat üçün bildirək ki, şəhidin qardaşı Elmir Hüseynov da 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Savaşın son gününə qədər cəbhədə olub.
Akif AĞAYEV,
Masallı