Masallıda “Şəhidlik manifesti” kitabının təqdimatı

Masallıda “Şəhidlik manifesti” kitabının təqdimatı
  • Cəmiyyət


  • Oktyabrın 27-də Masallı rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist Nurəddin Ədiloğlunun 44 günlük Vətən müharibəsində igidlik nümunəsi göstərən Masallı əsilli 61 şəhidin şərəfli döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” kitabının təqdimat mərasimi keçirilib.

    Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə güllər düzülüb.

    Mövcud pandemiya qaydaları gözlənilməklə keçirilən tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

    Yeniheyet.az xəbər verir ki, təqdimatdan əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində yeni tarixə imza atan igidlərimiz az yaşasalar da şərəfli ömrə sahib oldular – qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq andına, yurduna sədaqətli Masallı oğulları kimi. Qələbəni bizə bəxş edən qəhrəmanlarımızı hər kəs tanımalıdır.

    Yeni nəşrin təqdirəlayiq addım olduğunu vurğulayan rayon rəhbəri “Şəhidlik manifesti”nin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək belə kitabların şəhidlərimizin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi yönümündə əhəmiyyətindən bəhs edib, bu cür qəhrəmanlıq salnamələrinin tədris və mədəniyyət ocaqlarında təbliğinin vacibliyini diqqətə çatdırıb.

    Milli Məclisin üzvləri Məşhur Məmmədov, Anar İsgəndərov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, iki şəhid anası Ziba Əsgərova bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinə həsr olunan abidə və bulaqların açılması, məzarlarının müqəddəs ziyarətgaha, gənclərin and yerinə çevrilməsi, onların şərəfli həyat və döyüş yolunun yaddaşa köçürülməsi ölümün gözünə dik baxan Vətən övladlarının xatirəsinə ehtiramımız, hər birimizin vətəndaşlıq borcudur. Ərazi bütövlüyümüz uğrunda həlak olanların, Vətənin varlığı naminə canından keçən Masallı  şəhidlərinin xatirəsini əbədiləşdirmək naminə yazılan “Şəhidlik manifesti” kitabı yeni nəslə parlaq bir töhfədir.

    Kitabın müəllifi həmyerlimiz, yazıçı-publisist Nurəddin Ədiloğlu yazı prosesi zamanı, şəhid ailələri ilə görüşdə yaşadığı həyacanlı anlardan, şəhidlərimizin taleyindəki maraqlı nüanslardan danışıb, kitabı şəhidlərin ruhu qarşısında özünün hesabatı kimi xarakterizə edib: ”Əslində, haqlarında qələmə alınan hər kitabın, çəkilən filmin, ucaldılan abidənin müəllifi şəhidlərimizdir. Çünki torpaqlarımızın işğalda qaldığı müddətdə, qələbə günümüzə qədər sanki bu mövzuda yazılan hər bir əsərin üzərində məğlubiyyət kölgəsi vardı.”  

    Çıxışlarda bildirilib ki, kitaba tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş Masallı rayonunun mərd oğulları – 61 şəhid (51-i Masallıda, 10-u ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan) əsgər və zabiti haqqında bədii-publisistik məqalə və esselər, o cümlədən birinci və ikinci Qarabağ savaşında həlak olan 246 masallılı döyüşçü haqqında xronoloji məlumat daxil edilib.

    “CBS-PP” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən 380 səhifəlik xatirə kitabının ərsəyə gəlməsində müəllifə, Milli Məclisin deputatı Məşhur Məmmədova, Masallı Təhsil Fondunun əməkdaşlarına, RİHM İB-nin sədri Arzu Bağırovaya, zəhməti olan hər kəsə minnətdarlıq bildirilib.

    Sonda şəhid ailələrinə və təqdimat mərasimi iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib, müəllif N.Ədiloğuna və RİHM İB-nin sədri A.Bağırovaya Masallı rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərmanları təqdim olunub.

     
    Akif AĞAYEV,
    jurnalist-publisist,
    MASALLI.


    PAYLAŞ:

    Oxşar xəbərlər