Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu

Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu
  • Mədəniyyət / Maraqlı

  • Leqal.az kulis.az-a istinadla Nüsrət Kəsəmənli haqqında 10 maraqlı faktı təqdim edir.

    Nüsrət Kəsəmənlinin uşaqlıq illəri çox ağır keçib. Hələ körpə olanda valideynləri ayrılıb. Atası başqa qadınla ailə qurub, anası isə başqa kişiyə ərə gedib. Nüsrət ata nənəsinin himayəsində böyüyüb.

    Balacalıqdan vağzalda, küçədə qarmon çalıb, qatarlarda alver edib. Günlərin birində qatarda bir qadın onu görüb, ac olduğunu hiss edib ona çörək verir. Bir müddət sonra isə anası Nüsrəti görmək istəyir. Onları görüşdürərkən oğlunu görən qadın huşunu itirib yıxılır. Məlum olur ki, qatarda Nüsrətə çörək verən qadın elə doğma anası imiş.

    Yeddinci sinifdən sonra məktəbdən uzaqlaşıb. Gününün böyük hissəsi küçələrdə, vağzallarda keçdiyindən tez-tez davası düşürmüş. Hətta bu davaların axırı bıçaqlanmaya qədər gedib çıxıb. Sonradan özündə güc tapıb və təhsilini davam etdirib.


    Xalq teatrının səhnəsində Şeyx Nəsrullah rolunu ifa edib. Əbdül Mahmudovun lentə aldığı "Doğma sahillər" filmində isə iranlı generalın obrazını yaradıb. Şeyx Əbdül danışır ki, moskvalı kino mütəxəssisləri onun ifasına heyran olublar, onun peşəkar aktyor olmadığını eşidəndə inanmayıblar. Onu "Özbəkfilm"in istehsalı olan "Şirəli və Aypəri" filmində Şirvanşah roluna dəvət ediblər. Ssenariyə görə, şah taxtdan enib gözəl bir qızı qarşılamağa getməliymiş. Nüsrət buna etiraz edib, deyib ki, şah heç vaxt taxtdan enib bir qızı qarşılamağa getməz. Onun təkidi ilə ssenaridə dəyişiklik olub, qız şahın taxtına yaxınlaşıb və hüzurunda təzim edib.

    Nüsrət Kəsəmənli bir çox şeirlər həsr etdiyi Sevda adlı qızı sevib. Onlar universitet illərində tanış olublar. Varlı və ziyalı ailənin qızı olub. Amma çox dözümsüz, qısqanc qadın olub. Sonralar Sevda Nüsrət haqqında bu sözləri deyib: “Mən Nüsrətlə ailə qursaydım, xoşbəxt olmayacaqdım. Bir tərəfdən istədiyimə nail olacaqdım, ikinci bir tərəfdən Nüsrəti kəşf etdikcə, öyrəndikcə, onunla rahat yaşaya bilməyəcəkdim”. Universitet illərində Sevdaya hər kəs Nüsrətin Sevdası deyirmiş. Lakin, onlar bir-birlərini nə qədər böyük məhəbbətlə sevsələr də, qovuşa bilməyiblər. Deyilənlərə görə Nüsrətə sevdiyi qızı kasıb olduğuna görə, evi olmadığı üçün verməyiblər. Sonralar Nüsrət Sevdanın yaşadığı binadan ev alıb və bu evi həyat yoldaşına hədiyyə edib.


    Gələcək həyat yoldaşı Rəhilə xanımla universitetdə təsadüfən qarşılaşıb. Rəhilə xanım laborant işləyirmiş. Çox ciddi adam olduğundan şair ona yaxınlaşmağa ürək etməyib. Bir şeir yazıb və dostundan xahiş edib ki, həmin şeiri makinada yazmaq üçün xoşladığı xanıma versin. Rəhilə xanım şeiri makinada yazıb və çox bəyəndiyindən bir nüsxəsini də özündə saxlayıb. Sonra elə həmin o dostu onları tanış edib və deyib ki, makinada yazıb bəyəndiyin şeirin müəllifi bu oğlandır. Beləcə, aralarında münasibət yaranıb, amma Rəhilə xanımın anası gələn elçiləri geri qaytarıb, deyib mən şairə qız verən deyiləm. Şairlər hərdəmxəyal olur. Söhbət rəhmətlik Nəsir İmanquliyevə çatıb və Nəsir müəllim elçi gedəndən sonra qızın anası razılıq verib. Nüsrətin toyunu da Nəsir müəllim edib.

    Nüsrət Kəsəmənli universitetdə oxuyarkən yataqxanada yer ala bilməyib və hələ havalar xoş olduğundan gecələr Sabir bağında skamyada yatırmış. Bir gün polis onu avara, tüfeyli biri kimi tutub polis bölməsinə aparmaq istəyib. Lakin, onun tələbə olduğunu, jurnalistikada oxuduğunu öyrəndikdən sonra onu Nəsir İmanquliyevin yanına aparıb. Nəsir müəllim məsələni öyrəndikdən sonra Nüsrətə yataqxanada yer düzəldib, onu "Bakı" ("Baku") axşam qəzetlərində işə götürüb. Sonralar şairin ev almasına da xeyli köməklik edib.


    Şairin toy günündə ilk sevdiyi Sevda “Səadət sarayı”nın qapısının ağzında dayanıb, içəri keçməyib. Nüsrət Sevdanı görsə də həmin an bu haqda həyat yoldaşına heç nə deyə bilməyib. Yalnız toydan sonra bu barədə ona deyə bilib. Sonralar Sevda da ailə həyatı qurur. Bu xəbəri eşidən şair Sevda üçün “Dünən toyun idi” şeirini yazır. Lakin, Sevda ailə qursa da, xoşbəxt ola bilmir. İlk sevgisini itirdiyinə görə bir yerdə qərar tuta bilmir. Yoldaşından ayrılır. Bir müddət sonra isə çox ağır xəstəliyə tutulur. Bu barədə xəbəri isə Nüsrətə həyat yoldaşı deyir.


    Onun öldüyünü zənn ediblər. Sabir Rüstəmxanlının oğlu bu qara xəbəri atasına deyib. S. Rüstəmxanlı heç nə düşünmədən telefonu alıb Nüsrətin nömrəsini yığdıb. Şair cavab verib: “Dedim, sağsan? Güldü, dedi, sağ olmasam necə cavab verərəm? Dedim, düş evin qabağına, gəlirəm”. Sonradan məlum olub ki, qatar maşınını vurub, xeyli sürüyüb, şair təsadüfən sağ qalıb.

    Oğlu Araz Kəsəmənli qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq həbs olunur. Bu hadisə Nüsrət Kəsəmənliyə pis təsir edir. “Köhnə evə vida” şeirində oğlunun başına gələn bu hadisədən bəhs edir.


    Bir dəfə gözəllik yarışmasında Nüsrət Kəsəmənliyə kimsə deyir ki, sizin qızınız olsa, onun səhnəyə çıxmasını istərdinizmi? Nüsrət müəllim hirslənib adamın üstünə gedir və onu vurur. Efiri yarıda kəsib, onu sakitləşdirməli olurlar.

    PAYLAŞ:

    Oxşar xəbərlər