Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması, həmçinin Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilmiş "Yaz festivalı"nın qaliblərinə İdarənin "Diplom"u təqdim olunub. Sözügedən məqsədlə iyulun 7-də rayon Mədəniyyət Mərkəzində təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən İdarə rəisi Bəxtiyar Qılıncov festival qaliblərini təbrik edib, onlara yaradıcılıq sahəsində yeni nailiyyətlər diləyib. Rəis istedadlı gənclərin üzə çıxarılması və yaradıcı potensialının dəstəklənməsinin vacib olduğunu vurğulayıb. O, müxtəlif sənət istiqamətləri üzrə xüsusi qabiliyyətləri ilə seçilən gənclərə yaradıcı imkanlarını reallaşdırmaqda dəstəyin göstərildiyini, bu istiqamətdə gələcəkdə də lazımi işlərin görüləcəyini, o cümlədən müvafiq şəxslərin müsabiqə və festivallarda iştiraka cəlb olunmasına çalışacaqlarını deyib.
Təbrik nitqindən sonra rəis nominasiyalar üzrə qaliblərə mükafatlarını təqdim edib.
Xatırladaq ki, mayın 12-dən iyunun 12-dək davam etmiş festivalda bədii qiraət və rəsm (əl işləri) olmaqla 2 nominasiya üzrə 14 iştirakçı münsiflər heyəti tərəfindən festivalın I, II və III yerlərinə layiq görülüb.
Müəllif: Əlihüseyn Şükürov