Bir çox insanlar zaman-zaman həddindən artıq, hətta doymuşkən belə yemək kimi hallarla qarşılaşır. Amma belə bir qidalanma vərdişinin qalıcı olması, artıq hansısa problemdən xəbər verir. İnsan əgər qidalanmaya rasional yanaşırsa, o bu məsələdə həddi aşmır, ac olduqda yeyir, doyduqda dayanır - hətta bəzən doymamış əlini süfrədən çəkir və belə qidalanma insan sağlamlığı üçün daha məsləhətlidir.
LEQAL.AZ deyerler.org-a istinadən bildirir ki, əgər yemək barədə düşüncələr gün ərzində diqqətimizin əsas mərkəzinə çevrilirsə, bu, anoreksiya nevroza (qidalanma pozuntusu) və kompulsiv (kontrol edilməyən qidalanma) pozuntular kimi qidalanma problemlərinə işarə edə bilər. Qida pozuntusu zamanı, həkimə müraciət etməklə diaqnozun qoyulması önəmlidir. Uşaqlıqdan qidalanmaq təhlükəsizlik, rahatlıq anlamına bərabər tutulur. Yemək yeyəndə insan özünü yaxşı hiss edir. Bu səbəbdən insanlar üçün yemək emosiyaların öhdəsindən gəlmək üçün ən asan yoldur.
İştahasına nəzarət edə bilməyən insanlaradan biri deyir: "Mən daima nəsə çeynəyirəm. Belə baxanda yemək istəmirəm, amma hər yarım saatdan bir soyuducunu açıb içinə baxaraq, nəsə yeni dadlı bir şey götürüb yemək istəyirəm". Problem ondadır ki, çoxları bədənlə əlaqəni hiss etmir və lazımı vaxtda aclıq, toxluq, yorğunluq, susuzluq, hirs kimi siqnalları tutmur. Çox vaxt narahat olaraq ac olduğumuzu zənn edirik. Hər hansı bir mənfi emosiya yaşadıqda onu boğmağa çalışırıq.
Məsələn, işdəki problemlərdən qurtulmaq üçün axşam evə gəlirik və o qədər yeyirik ki, sonra halımız pisləşir. Ayrıca, həddindən artıq yemək mədə-bağırsaq traktında və hormonal müstəvidə pozuntu problemi yarada bilər (məsələn, aclıq və toxluq hissindən cavabdeh olan qrelin və leptin istehsalının pozulması). Bunu öyrənmək üçün yoxlamaq və araşdırma aparmaq lazımdır.
Çoxları pəhrizə başlayaraq özlərini yeməkdən məhdudlaşdırmağa çalışır, amma sonra yenidən hər şeyi pozaraq əvvəlki qidalanmaya qayıdır. Belə bir sxem işləmir. Demək olar ki, bir çox pəhrizin axırı əvvəlki qidalanma halına qayıtmaqla bitir. Bu halda insan, hər dəfə özünə güvənini itirməyə başlayır. Tibbi göstəricilər olmadan pəhriz etməyə dəyməz, çünki hər kəs fərqlidir və müəyyən bir pəhriz hamı üçün uyğun olmaya bilər.