Türkiyə erməniləri ümidlərini Moskva görüşündən başlayan yeni Ermənistan-Türkiyə danışıqlar prosesinə bağlayır. Türkiyənin “Hürriyyət” qəzeti İstanbuldakı erməni icmasının nümayəndələri ilə söhbət edərək onların gözləntilərini öyrənib.
Konstantinopol Patriarxı, arxiyepiskop Sahak Maşalyanın sözlərinə görə, Türkiyə erməniləri İrəvan və Ankaranın münasibətlərin normallaşması istiqamətində addımlar atmasından məmnundurlar. O qeyd edib ki, investisiyalar və mədəniyyət baxımından iki ölkə arasında əlaqələrin qurulmasına yönəlmiş bütün addımlar çox dəyərlidir.
“İstanbul erməniləri üçün iki cəmiyyətin bir-birini tanıması, birgə işləməsi, sərmayə qoya bilməsi də son dərəcə vacibdir”, - Maşalyan bildirib.
"Karagözyan" Fondunun sədri, sahibkar Tiqran Gülmezgil “Hürriyyət”ə bildirib ki, bundan sonra Türkiyə bütün məsələlərdə Ermənistana yardım əlini uzatmalıdır. O qeyd edib ki, münasibətləri normallaşdırmaq cəhdləri müsbət haldır və “Türkiyə Ermənistana böyük qardaş kimi yanaşmalıdır”.
İstanbulda iki dildə çıxan həftəlik “Akos” qəzetinin baş redaktoru Edvard Danzikyan Ermənistanla Türkiyə arasında birbaşa uçuşların bərpasına nikbin yanaşır. Onun sözlərinə görə, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması münasibətlərin normallaşması istiqamətində ilk addım olacaq. Bundan əlavə, əlaqələr daha da genişləndirilməlidir. /virtualaz.org
LEQAL.AZ