Dövlət Dəniz Agentliyi azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 2021-ci il iyunun 30-dək uzadıb.
Agentlikdən LEQAL.AZ-a bildirilib ki, buna səbəb dünyada hələ də davam edən koronavirus pandemiyasıdır. Bununla bağlı Dövlət Dəniz Agentliyi tərəfindən aidiyyəti işlər görülüb və Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.
Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.
Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq onların etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini müəyyən tələblərə riayət olunmaqla iyunun 30-dək uzadır.
Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər bir sıra sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir. Həmin sənədlərə gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub, mövcud şərtlərə əsasən, liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş və əmək müqaviləsinin surəti aiddir.
Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 2020-ci il iyulun 1-nə, oktyabrın 1-nə, dekabrın 31-nə, daha sonra isə martın 31-dək uzadılmışdı.