İstehlak olunan təbii qazın dəyərini ödəməyən qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının qaz təminatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən LEQAL.AZ-a bildirilib ki, birlik üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8772 məcburi köçkün ailəsinə dövlət tərəfindən ayrılmış limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində noyabrın 24-nə 9 milyon 560 min 769 manat məbləğində borc yaranıb. Belə ki, hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7189 ailə üzrə borc 8 milyon 151 min 924 manat təşkil edir. Buraya limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilən 6005 ailə üzrə yaranan 5 milyon 696 min 937 manat həcmində borc da daxildir. Digər borclu abonentlərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1465 ailə üzrə borc 1 milyon 273 min 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 min 210 manat.
Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və ya məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə noyabrın 1-nə 1 milyon 164 min 708,86 manat borc yaranıb.
Məlumdur ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda, qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması “Azəriqaz”ın maliyyə dayanıqlılığı sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.
Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının dekabrın 25-dən dayandırılması nəzərdə tutulub. Eyni zamanda, Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin mərhələli şəkildə qaz təchizatının dayandırılması da gözlənilir.