Bakı Nəqliyyat Agentliyi sərnişinlərə və sürücülərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə və sürücülərə müraciət edib
  • İqtisadiyyat

  • LEQAL.AZ  xəbər verir ki, Son vaxtlar koronavirus infeksiyasının dinamikasında müşahidə olunan kəskin artım hər birimizi ciddi şəkildə narahat edir. Cəbhədə şanlı Ordumuzun düşmənə qarşı rəşadətlə döyüşdüyü vaxtda epidemioloji vəziyyətin bu formada dəyişməsi heç də arzuolunan deyil. Tibb işçilərinin diqqətinin cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq yolverilməzdir. Koronavirusla mübarizə həm əhalinin, həm də əsgər və zabitlərimizin sağlamlığının qorunması baxımından olduqca strateji əhəmiyyətə malik məsələdir.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, bunun üçün vətəndaşlar koronavirus infeksiyasına laqeyd yanaşmamalı, daha çox sosial məsuliyyət nümayiş etdirməli, insanların sıx toplaşdığı məkanlarda, o cümlədən dayanacaqlarda və avtobuslarda mütləq qaydada qoruyucu tibbi maskadan istifadə olunmalıdır. Bu zaman maskadan düzgün istifadə qaydalarına diqqət olunması olduqca vacibdir.

    Bildirilib ki, son vaxtlar sərnişinlər arasında tibbi maskadan istifadə olunmaması və ya düzgün istifadə olunmaması halları çoxalıb.

    Sərnişinlərdən xahiş edilir ki, dayanacaqlardakı nəzarətçilərin, sürücülərin və dispetçerlərin maskadan istifadə ilə bağlı tələbinə anlayış göstərərək qaydalara əməl etsinlər. Əks halda epidemioloji vəziyyət daha da pisləşə bilər ki, nəticədə ictimai nəqliyyatda əlavə məhdudiyyətlərin tətbiqi istisna edilmir.

    Həmçinin bildirilir ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda onların maneəsiz hərəkətini təmin etmək yoluxmanın qarşısının alınması baxımından vacibdir. Ayrıca zolaqların olmaması, saat 18:00-dan sonra artan nəqliyyat axını avtobusların tıxacda qalaraq yubanmasına səbəb olur. Gündəlik xəttə adi rejimlə müqayisədə 15 faiz artıq avtobus cəlb olunsa da, yollardakı tıxac əlavə çətinliklər yaradır.

    Tıxacların azaldılması, sərnişinlərin mənzil başına vaxtında çatması məqsədilə BNA tərəfindən müvafiq tədbirlər görülsə də, bəzi sürücülərin yanlış davranışları məsələni bir qədər çətinləşdirir. Belə ki, sürücülərin bir çox hallarda zolaqların, sarı kəsişmə toru nişanlanmasının tələbinə əməl etməmələri, nasaz avtomobillərdən istifadə sıxlıq və tıxac hallarını daha da artırır.

    Qeyd olunanlar nəzərə alınaraq, bir daha hərəkət iştirakçıları daha çox sosial məsuliyyət nümayiş etdirməyə dəvət olunur. Cəmiyyət olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı və hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməliyik.
    PAYLAŞ:

    Oxşar xəbərlər