Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin son günündə daha 3 cüdoçumuz mübarizəyə qoşulub.
LEQAL.AZ xəbər verir ki, Elmar Qasımov (100 kq) ilk qarşılaşmada İsaak Bezzinanı (Malta) məğlub etsə də, sonradan avstraliyalı Kayhan Ozcicekə uduzub. Onunla eyni çəkidə mübarizə aparan Zelim Katsoyev (hər ikisi 100 kq) fransalı Sirille Maret, gürcüstanlı Zlatko Kumrıci və Kayhan Ozcicekə qalib gələrək yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə estoniyalı Qriqori Minaskinlə mübarizə aparacaq.
Uşangi Kokauri (100 kiloqramdan yuxarı) əvvəlcə avstraliyalı Daniel Allerstorfer, daha sonra özbəkistanlı Alişer Yusupuvu məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Yaponiya təmsilçisi Hisayoşi Harasavaya məğlub olan cüdoçumuz bürünc medal uğrunda gücünü sınayacaq. Bu mərhələdə onun rəqibi avstraliyalı Stepan Heqyi olacaq.
Qeyd edək ki, komandamızın aktivində hələlik 1 medal var. Belə ki, kişilər arasında keçirilən yarışda Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb.
Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur.