Martın 10-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Olimpiya Oyunlarının mükafatçıları, dünya və Avropa çempionatlarının qalibləri Rövşən Bayramov, Hacı Əliyev, Həsən Əliyev, Cəbrayıl Həsənov, Əlisa Abbasov, həmçinin bir qrup fəal gənclə görüş keçirib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildirilib ki, vitse-spiker ölkəmizdə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin daim ön planda olmasından, bu sahədə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, habelə Milli Məclisin Gənclər və idman komitəsinin fəaliyyətindən danışıb, ölkə başçısının idmançılara diqqət və qayğısından məmnunluğunu ifadə edib.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açılmasından, hazırda işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin olunması üçün görülən işlərdən danışılıb.
Adil Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında dövlətimizin başçısının şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanması barədə fikirlərini xatırladaraq, ölkəmizdə bu sahədə aparılan işlərdə hər kəsin səfərbər olmasının vacibliyini vurğulayıb.
Söhbət zamanı vitse-spiker Olimpiya Oyunlarının mükafatçısı Rövşən Bayramovun Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü təyin edilməsi münasibətilə təbrik edərək, idmançılarımızın ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirakını yüksək qiymətləndirib.
Görüşdə gənclərin idmana marağının artırılması, bu amilin gənclərdə vətənpərvərlik hissinin formalaşmasına təsiri və onların zərərli vərdişlərdən uzaq olmasında rolu barədə də fikir mübadiləsi aparılıb.
Sonda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara, habelə Vətən müharibəsində xidmətlər göstərən bir qrup şəxsə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.