Prezident xanım idmançıya ev verdi

Prezident xanım idmançıya ev verdi
  • İdman

  • "Leqal.az"ın xəbərinə görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Zemfira Meftəhəddinova, ADBTİA-nın rektoru Fuad Hacıyev iştirak ediblər. 

    5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində təşkil edilən tədbirdə nazir Fərid Qayıbov idman ictimaiyyəti nümayəndələrini salamlayıb və görüşün məqsədini açıqlayıb.

    Tokio Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin və nəticələrinin təhlili ilə bağlı hesabat təqdim edilib, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq planları ilə bağlı sorğunun nəticələri açıqlanıb. Görüşdə nazirliyin federasiyalar üçün nəzərdə tutulmuş inkişaf vasitələri, federasiyaların akkreditasiyası prosesi, idmançıların reytinq əmsalının hesablanması qaydaları, idmançıların təhsili ilə bağlı məsələlər, maliyyə məsələləri, media ilə bağlı məsələlər, digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri səsləndirilib.

    Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə fəxri adlara layiq görülmüş bir sıra idmançılara və idman mütəxəssislərinə həmin fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları verilib.

    Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, gənclər və idman naziri Fərid Qayıbov ötən il uğur qazanmış bir qrup idmançıya yeni mənzillərin orderlərini təqdim edib.

    Onların arasında qadın MMA döyüşçüsü Gözəl Zutova da var. 

    MMA döyüşü üzrə "Yusif Fighting Championship" turnirində uğurla çıxış etmiş Zutova Türkiyədəki yarışda Ermənistan təmsilçisi Nare Narqarosyanı 10 saniyəyə nokauta salaraq məşhurlaşmışdı. Ardından nazir Fərid Qayıbov idmançını və məşqçisi Yusif Əliyevi qəbul etmişdi.

    Həmin görüşdən sonra sözügedən idmançı saytımıza bu açıqlamanı vermişdi:

    "Heç bir mükafat olmayıb.Ümumiyyətlə, bu mövzu açılmışkən bir məsələyə aydınlıq gətirmək istərdim. Bəziləri mənim yerimə cavab verib ki, guya mənə ev verilib. Döyüşçü olaraq 18 illik karyeram ərzində ev, avtomobil, pul kimi mükafatım olmayıb. Mən hərbçiyəm və hərbçilər üçün nəzərdə tutulmuş müvəqqəti evdə yaşayıram. Sənədli olaraq mənə dövlət tərəfindən heç bir mənzil və ya digər daşınmaz əmlak verilməyib. Bu günlərdə çalışdığım Fövqəladə Hallar Nazirliyinə mətbuatdan zəng olunub və ordan cavab veriblər ki, məni evlə təmin ediblər. Belə deyil. Dövlət tərəfindən rəsmi sənədlə mənə ev verilməyib. Türkan qəsəbəsində hərbi şəhərçikdə müvəqqəti olaraq yaşayıram. Hər gün 50 kilometr yol gedib-gəlirəm. Yəni deməyim odur ki, o hərbi hissənin balansında olan evdir. Mən idmançıyam, xüsusən də, zədə riski böyük olan yarışlarda iştirak edirəm. Bundan əlavə xüsusi riskli xilasetmədə işləyirəm, yanğın olsun, suda və ya quruda olsun, bu zaman da zədələnməyəcəyimə təminat yoxdur. Mən ağır zədə alıb işə və idmana yararsız olsam, övladımla birgə çöldə qala bilərəm".

    Bu gün yeni mənzil alan Zutova bu barədə Fanat.Az-a danışıb:

    "Əvvəllər bir ev alan ikinci evi də alırdı. Eləsi də var idi ki, üç dəfə alırdı... Amma indi elə deyil. Yeni nazir maraqlanır, araşdırır... Türkiyədə erməniyə qalib gələndən sonra məşqçimlə birlikdə nazirlə görüşmüşdük. Məndən evimin olub-olmadığını soruşmuşdu. Ancaq düzü, belə bir şey olacağını gözləmirdim. Mənə zəng gəldi və bu gün keçirilən tədbir bardə məlumat verildi, tədbirə gəlməli olduğum bildirildi. Bu gün mənzilimin orderini aldım. Dediyim kimi, araşdırılıb evi olmayanlar düzgün müəyyənləşdirilib. Təşəkkürümü bildirirəm".
    PAYLAŞ:

    Oxşar xəbərlər