Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya doğru hərəkət etmiş gəmidə baş vermiş yanğın nəticəsində 60 nəfərdən çox qanunsuz miqrant həlak olub.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı bildirib.
Məlumata görə, faciə martın 18-də Liviya sahilləri yaxınlığında 100-dən çox insanı aparan taxta gəmidə mühərrikin yanması nəticəsində baş verib. Alov qısa müddətdə bütün gəmini bürüyüb, miqrantlar suya tullanıblar, lakin onların əksəriyyəti üzə bilməyib.
Sağ qalanların və həlak olanların axtarışları bir neçə gün davam edib, çoxları indiyə qədər itkin düşmüş hesab edilir. Xilas olunanlardan 45-i “SOS Mediterranee” qeyri-hökumət təşkilatının Aralıq dənizində xilasetmə üzrə əməliyyatları həyata keçirən “Ocean Viking” gəmisinə qaldırılıb.
Miqrasiya üzrə Beynəlxalq Təşkilatın (OIM) məlumatına görə, 2020-ci ildə Aralıq dənizini keçmək cəhdləri zamanı 1 200 nəfərdən çox qanunsuz miqrant həlak olub. Bu il 300-dən çox insan Avropaya çatmaq cəhdi zamanı dəniz sularında boğulub.(report)