Gürcüstanda insan alveri ilə məşğul olan iki erməni - ata və oğul saxlanılıblar.
LEQAL.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib.
Həmin şəxslərin Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Ninotsminda şəhərində yaşadıqları bildirilir.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər 2015-2016-ci illərdə Ermənistan vətəndaşı olan üç şəxsə Gürcüstanda işləmək üçün vədlər veriblər. Ata-oğul onlara sənədlərinin toplanmasında və həmin şəxslərin Gürcüstana gətirilməsinə dəstək olublar.
Ermənistan vətəndaşları kəndlərin birində mal-qara fermasına gətirilib və onlar hədə-qorxu altında işləməyə məcbur edilib. Həmin şəxslərin pasportları əllərindən alınıb və bir neçə il ərzində onlara zəhmət haqqı ödənilməyib. Bundan başqa, onların sərbəst hərəkətinə məhdudiyyətlər qoyulub və videokameralar vasitəsilə izləniblər.
Cinayətin üstü təsadüf nəticəsində açılıb. Belə ki, Ermənistan vətəndaşlarından biri fermadan qaçmağa müvəffəq olub və o, Gürcüstan dövlət sərhədini qanunsuz keçərək Ermənistana daxil olmağa cəhd edib. Nəticədə o, sərhəd polisi tərəfindən saxlanılıb.
Qrup halında insan alveri ilə məşğul olmaqda təqsirləndirilən erməni ata və oğlu barəsində cinayət işi başlanıb, istintaq aparılır. Onları 12 ildən 15 ilədək həbs gözləyir.(azərtac)