Prezident təqaüdçüsü olan balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na düşən Nicat Məsimov bir neçə gün əvvəl Səbail rayonundakı “Xəqani bağı”nda olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, N.Məsimov təxminən 100-150 yaşı olan musiqi alətlərinin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edib. Bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində onun çantasını tapan, amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyənləşdirilib. Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar həmin şəxsdən alınaraq N.Məsimova geri qaytarılıb.
N.Məsimov musiqi alətlərinin qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.