Bakıda DƏHŞƏT: "Instagram" paroluna görə arvadını öldürdü

Bakıda DƏHŞƏT: "Instagram" paroluna görə arvadını öldürdü
  • Hadisə / Maraqlı


  • Qısa arayış...

    2021-ci il fevralın 1-i saat 19:15-də Bakının Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, ev 5-də yaşayan 1988-ci il təvəllüdlü Ehtibar Qasımov arvadı 1992-ci il təvəllüdlü Fəridə Qasımovanı qətlə yetirib.
     
    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsininnin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fəridə Qasımovanın bədən səthində 7 ədəd bıçaq yarası aşkar edilib. 

    Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
     
    İstintaqla müəyyən edilib ki, yanvarın 30-u gecə saat 1 radələrində Ehtibar Qasımov rəsmi nikahda olduğu Fəridə Qasımovanın özünə məxsus mobil telefonda “İnstagram” şəbəkəsində “Qaqaş Seyfəlov” adlı profildəki şəxslə yazışdığını görüb və buna görə onu döyüb. Fevralın 1-i saat 18 radələrində yaşadıqları ünvanda olanda, “İnstagram” hesabının kodunu soruşanda, arvadı bunu söyləməyib. Bu zəmində, öldürmək məqsədi ilə ona yumruq və təpik zərbələri vuraraq, xəsarətlər yetirib. Ehtibarın mətbəxdən bıçaq götürdüyünü görən qadın  çölə qaçsa da, əri çatıb həyətdə ona çoxsaylı zərbələr endirib. Nəticədə F. Qasımova ölüb.


    Fəridə Qasımova
     
    İş üzrə dindirilmiş Ehtibar Qasımov bildirib ki, arvadı Fəridə Qasımova anasının xalası nəvəsi olub. Nikahdan iki övladları dünyaya gəlib:

    “Hadisə baş verən ünvan atama məxsusdur. Bir həyətdə öz ailəmdən savayı valideynlərim və qardaşım yaşayıblar. Yoldaşımın şəxsi mobil telefonu olmadığından sosial şəbəkələrə mənim telefonumdan daxil olurdu. 2020-ci ilin yay aylarında Fəridədən şübhələnirdim. Qəflətən yataq otağına keçəndə qadın “İnstagram”dan çıxa bilmədiyi üçün ekranda “Həsən” adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini gördüm. Fəridə mənə, guya şəkilləri montaj etdiyini və həmin oğlanı tanımadığını dedi. Yanvarın 29-da işdən evə gəlib həmişəki kimi telefonu qonaq otağında, masanın üzərinə qoydum və bir neçə saatdan sonra uşaqların otağına keçib uzandım. Təxminən gecə saat 1 radələrində arvadımın güldüyünü eşitdim. Tez yataq otağına keçdim. Fəridə məni görən kimi telefonu gizlətdi. Kiminlə danışdığını soruşanda, mahnıya qulaq asdığını dedi. Cəld odeyalın altından telefonu çıxarıb baxanda “İnstagram”da “Seyfəlov” adlı profildəki şəxslə söhbət etdiyini gördüm. Telefonu əlindən almağa çalışanda, yumruq və təpiklə arvadımın üzünə və çiyninə zərbələr vurdum. Səhər Fəridənin anası Tərgül Əcəmovanı evə çağırdım və oturub birlikdə söhbət etdik. Həmin vaxt qayınatamın gəlməsini tələb etdikdə, qayınanam yalvarıb xahiş etdi ki, o, bu söhbəti bilməsin. Amma bu məsələni mütləq atam və qayınatama danışacağımı dedim. Fəridə ilə oğlanın yazışmalarını və şəkillərini göstərdikdə, Tərgül Əcəmova qızına şillə vurdu. Son 2 gündə Fəridənin “İnstagram” hesabına ard-arda mesajlar daxil oldu. Amma arvadım kodu söyləmədiyi üçün ismarıcları oxuya bilmədim.


    Ehtibar Qasımov

    Fevralın 1-i saat 18 radələrində işdən qayıdanda atamla qardaşım evdə olmayıb. Anam, qardaşım arvadı və nəvələri ilə öz evlərində olublar. Qonaq otağında Fəridə ilə yenə “İnstaqram” hesabının kodu ilə bağlı yaranan mübahisə zamanı, onu döydüm. Mətbəxə keçib bıçaq götürəndə arvadım qorxub həyətə qaçdı. Fəridəyə çatan kimi zərbələr endirməyə başladım. 2-ci zərbədən sonra onun səsi kəsildi. Anasına Fəridəni bıçaqladığını xəbər verdim. 

    10 dəqiqədən sonra atamgil evə gəldilər. Ağacın altında uzanıqlı halda qalan Fəridəni həyətdən qonaq otağına gətirdik. Atam Təcili Tibbi Yardım stansiyasına və polis bölməsinə zəng etdi. Polis əməkdaşları gəldikdən sonra könüllü təslim oldum”.


    Hadisə olan ev

    Ehtibar Qasımov əlavə edib ki, uşaqlar nə hadisəni, nə də ki, analarının meyitini görməyiblər. Sosial şəbəkədə arvadının yazışdığı şəxsi tanımır.
     
    Zərərçəkmiş şəxsin hüquqi varisi Tərgül Əcəmova ifadəsində göstərib ki, Fəridə xasiyyətcə sakit, tərbiyəli, ailəsinə bağlı qız olub, hətta ata evində olanda belə mobil telefon işlətməyib:

    “Yanvarın 30-da qızımla danışmaq üçün Ehtibargilin ev nömrəsinə zəng edəndə, telefonu götürən kürəkənim məndən yoldaşımın evdə olub-olmadığını soruşdu. Ərimin işdə olduğunu söyləyəndə, Ehtibar onlara getməyimi xahiş etdi. Yaşadığımız ev arasında təxminən 100 metr məsafə olduğundan piyada onlara getdim. Masa arxasında əyləşəndə, Ehtibar mobil telefonu qarşıma qoyub “qulaq as, gör qızın nə hərəkətlər edir, musiqi qoyub, oğlanlarla yazışır” dedi. Qulaq asanda, musiqi səsi yüksək olduğundan sözləri aydın eşidə bilmədim.

    Qızını danlayıb telefondakı səsin onun olub-olmadığını soruşanda Fəridə bunu inkar etdi. Kürəkənimə bu məsələni araşdırmasını, bəlkə kiminsə ailələrini dağıtmaq istədiyini deyərək, çıxıb getdim. Səhərisi gün, onların ev telefonlarına zəng etsəm də, cavab verən olmadı. Fevralın 1-də Ehtibargilə gələndə, qızımı həyətdə, yerdə uzanıqlı vəziyyətdə gördüm. Odeyal gətirərək, qudamla köməkləşib qana bulaşmış Fəridəni qonaq otağına apardıq. Təcili yardım işçiləri gəlib, Fəridənin artıq öldüyünü bildirdilər”.


    Fəridənin meyiti

    Tərgül Əcəmova qeyd edib ki, yanvarın 30-da qızı açıq-saçıq geyinmədiyi üçün, bədənində döyülmə izləri olub-olmadığını görməyib. Fəridə evlərində baş verən mübahisələrlə bağlı ona heç nə danışmayıb. Nəvələri hazırda Ehtibar Qasımovun valideyinlərinin himayəsindədir.
     
    “Mobil telefona baxış keçirilməsi protokol”undan görünüb ki, “İnstaqram” şəbəkəsində “S_n_y” (Fəridə Qasımova) adlı profilin “Qaqaş Seyfəlov” adlı naməlum istifadəçi ilə yazışmaları və səsli mesajları var. 2020-ci il oktyabrın 27-də qadın oğlunun fotoşəklini həmin profilə göndərərək, növbəti gün ad günü olacağını bildirib.


    Qətlin törədildiyi bıçaq
     
    Məhkəmə iclasında Ehtibar Qasımov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
     
    Məhkəmə nəticəyə gəlib ki, Ehtibar Qasımov CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirli bilinərək, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehtibar Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər