Bakıda bərbərxanada baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
LEQAL.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, ağır cinayət günorta saatlarında paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində, çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən kişi salonlarından birində qeydə alınıb.
Belə ki, salonda bərbər işləyən 28 yaşlı İlkin Qurbanov ağır bıçaq xəsarətləri alıb. Dərhal hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəliblər. Lakin artıq İlkin Qurbanovun öldüyünü görüblər.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkarı və həmyaşıdı İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, həmin şəxslər arasında 15 manata görə mübahisələr olub.
Daha ətraflı süjetdə:
15:30
Bu gün saat 13 radələrində Nəsimi rayonunda bıçaqlama hadisəsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü İlkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirməklə onu qətlə yetirib.
Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.