Fövqəladə Hallar nazirliyi Qəbələdə itkin düşən şəxsin axtarışlarını davam etdirir.
Nazirlikdən LEQAL.AZ-a verilən məlumata görə, 30 noyabr 2022-ci il tarixində 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.