Qəsdən adam öldürməkdə təqsirləndirilən kriminal aləmin üzvü Camal Həsənovla bağlı cinayət işinin istintaqı tamamlanıb.
“Leqal.az”ın məlumatına görə, “Yeraz Camal” ləqəbli Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq. İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.
APA-nın məlumatına görə, Camal Həsənov 2021-ci ilin oktyabrında Bakıda tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.
Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib. O, bunun müqabilində 50 min rubl alıb. Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.