Yüzlərlə Azərbaycan vətəndaşını intim görüntülərlə şantaj edənlər Bolqarıstanda yaxalandı

Yüzlərlə Azərbaycan vətəndaşını intim görüntülərlə şantaj edənlər Bolqarıstanda yaxalandı
  • Hadisə

  • Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən xarici ölkə vətəndaşlarının həbs edildiyi barədə məlumat yayıb.

    Məlumatda deyilir ki, 2021-ci il ərzində Azərbaycan vətəndaşlarının intim videogörüntüləri ilə şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə yayılmasının təşkil edilməsi barədə daxil olmuş məlumatlar DTX tərəfindən araşdırılıb.

    Faktlarla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə istintaq qrupu yaradılmış, kompleks istintaq-əməliyyat və əməliyyat-texniki tədbirləri həyata keçirilib.

    Müəyyən edilib ki, mütəşəkkil dəstə üzvləri feysbuk sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, daha sonra isə videoçəkilişlər həyata keçirib. “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.

    Cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan vətəndaşının zərər çəkdiyi məlum olub.


    Cinayət işi üzrə cinayət əməllərinin təşkilatçılarının Bolqarıstanda məskunlaşdığı müəyyən edilərək Bolqarıstanın hüquq-mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilib.

    Cinayət əməllərinin təşkilatçıları, icraçıları və vasitəçiləri cinayət başında ifşa edilib, Azərbaycan və digər xarici ölkə vətəndaşlarının şantaj edildiyinə dəlalət edən videomateriallar, səsli mesajlar və yazışmaların olduğu çoxsaylı kompüter, mobil telefon və texniki avadanlıqlar götürülməklə DTX-də aparılan cinayət işi materiallarına əlavə edilib. Çoxsaylı sosial şəbəkə hesablarındakı videomateriallara kənardan daxilolma imkanları məhdudlaşdırılmaqla davam edən cinayət əməllərinin qarşısı alınıb.

    Cinayət əməlləri ifşa edilən xarici ölkə vətəndaşları Gyurdzhan Stoyanov, Tezdzhan Stoyanov, Sevinc Niyazi və digərləri təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar davam edir.

    Xatırladaq ki, həmin şantajın qurbanları arasında Bakının rayonlarından birində YAP-ın yerli təşkilatının rəhbəri, din adamları və bəzi digər tanınmış şəxslər də var idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər