Daxili İşlər Nazirliyi (DİN) Xaçmaz rayonunda külli miqdarda narkotik tərkibli bitkinin və narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a daxil olan məlumatda bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib. Baş İdarəyə Xaçmaz rayonunun Nabran qəsəbəsində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal məlumat nəzarətə götürülüb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri zəruri və təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Nabran qəsəbəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Cavat Cavatov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı C.Cavatov tərəfindən kultivasiya edilən, yaş kütləsi 7 ton 765 kiloqram olan 5175 çətənə kolu və 48 kiloqram 220 qram marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib.
Beləliklə, Baş İdarə əməkdaşlarının keçirdiyi sonuncu əməliyyat zamanı 7 tondan artıq kultivasiya edilən 5175 ədəd çətənə kolu və 48 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb. Saxlanılan şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.