Rusiyada blogger Aleksey Navalnının azadlığa buraxılması ilə bağlı razılaşdırılmamış etiraz aksiyaları keçirilib.
apa-nın məlumatına görə, hökumət orqanları ilə razılaşdırılmayan etiraz aksiyaları əsasən paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində baş tutub.
Moskvada qanunsuz etiraz aksiyaları ilə bağlı bu gün polis və “Rosqvardiya” gücləndirilmiş iş rejimində çalışıb. Qanunsuz etiraz aksiyalarının qarşısını almaq üçün bir gün öncədən Moskvanın mərkəzi küçələrinə çıxan metro stansiyalarına giriş və çıxışlar bağlı elan edilib.
Bundan başqa şəhərin mərkəzi küçələrində, əsasən Kremlə yaxın küçələrdə mağaza, kafe və restoranların da fəaliyyəti dayandırılıb.
Lakin bütün bunlara baxmayaraq etirazçılar Moskvanın mərkəzi küçələrində aksiya keçiriblər. Nəticədə polislər və etirazçılar arasında toqquşma olub. Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnı polis tərəfindən saxlanılıb. Bundan başqa, müxalif fəallar İlya Yaşin və Andrey Pivovarov da saxlanılıb.
Kazanda keçirilən etiraz aksiyasında isə tanınmış jurnalist və ictimai-siyasi xadim Maksim Şevçenko saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.
Aksiyalar zamanı ümumilikdə 4 min nəfərdən çox etirazçının saxlanıldığı bildirilib.
Rusiyada Navalnının azad olunması ilə bağlı keçirilən etiraz aksiyaları ilə əlaqədar Moskva ilə Vaşinqton arasında növbəti diplomatik toqquşma baş verib. ABŞ-ın Rusiyadakı diplomatik missiyası və ABŞ dövlət katibi Entoni Blinken “Tvitter” hesabında rəsmi Moskvanı insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb: “Rusiya hakimiyyəti yeni etirazlar öncəsi bir sıra fəalları tutub və Moskvanın mərkəzini bloklayıb. Bununla əlaqədar Rusiyanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə riayət etməyə çağırırıq”.
ABŞ ikinci həftədə də ardıcıl olaraq dinc etirazçılara və jurnalistlərə qarşı sərt taktikadan tətbiq etdiyinə görə Rusiya hakimiyyətini qınayıb.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət katibinin bəyanatına cavab verib. Rəsmi Moskva Vaşinqtondan suveren dövlətlərin daxili işlərinə qarışmağı dayandırmağı tələb edib və razılaşdırılmamış aksiyalarla bağlı feyk xəbərlər yaymağa görə məsuliyyəti xatırladıb.
"ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi, Vaşinqtonun nəzarətində olan internet platformaları tərəfindən icazəsiz aksiyalara çağırışlar və “raskrutka” olunan feyklər kimi sübut edilmiş faktdır. ABŞ dövlət katibi Entoni Blinken tərəfindən qanun pozuntusuna dəstəyin verilməsi Vaşinqtonun pərdəarxası rolunun bir daha təsdiqidir”, deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.