Rusiyanın Xalq artisti, məşhur teatr və kino aktyoru, rejissor Valentin Qaft dekabrın 12-də vəfat edib.
LEQAL.AZ-ın məlumatına görə, Moskvanın “Sovremennik” teatrının aktyoru Valentin Qaft 85 yaşında insultdan dünyasını dəyişib.
Müsahibələrindən birində o, Azərbaycan və ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşərək deyib ki, Bakı onun yadında dünyanın ən gözəl şəhərlərindən biri kimi qalıb. “Bu şəhər mənə o qədər yaxındır ki, onu öz şəhərim sayıram”, - deyə o bildirib.
Aktyor ümummilli lider Heydər Əliyev ilə görüşünü belə xatırlayıb: “Heydər Əliyevin teatr sənətinə yaxından bələd olması, dramaturgiyaya münasibəti məni heyran etdi. Elə təəssürat yaranırdı ki, mən peşəkar sənətşünas, teatr xadimi ilə söhbət edirəm. Mənə Heydər Əliyev barədə Rusiyada və xaricdə çəkilmiş bir neçə filmi səsləndirmək nəsib olub. Heydər Əliyev o qədər böyük şəxsiyyətdir ki, onun haqqında fikirləri kiçik müsahibə çərçivəsində söyləmək mümkün deyil. O, mənim xatirimdə müstəsna dərəcədə istedadlı, dərin zəkalı və gözəl insan kimi qalıb”.