Əfqanıstanın ARIANA telekanalının aparıcısı Fardin Amini müəmmalı şəraitdə həlak olub.
LEQAL.AZ xəbər verir ki, bu barədə TOLO News telekanalı jurnalistin həmkarlarına istinadla məlumat yayıb. Onların sözlərinə görə, Amini cümə günü müəmmalı hücum nəticəsində qətlə yetirilib. Kabil polisi jurnalistin ölümünü təsdiqləsə də, hadisənin detalları hələlik açıqlanmayıb.
Bundan bir gün əvvəl Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində daha bir jurnalistin - Enikass TV kanalının qadın aparıcısının naməlum silahlıların hücumu nəticəsində öldürüldüyü bildirilir.
Jurnalistlərin hüquqlarının müdafiəsi üzrə müstəqil Press Emblem Campaign (PEC) təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri dünyanın 30 ölkəsində azı 80 KİV əməkdaşı öldürülüb. Bu, ötən ilə nisbətən 10 faiz çoxdur.