Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın mitinqdəki çıxışını şərh edib.
LEQAL.AZ modern.az-a istinadla verdiyi məlumata görə, Vazgen Manukyan bildirib ki, baş nazir Nikol Paşinyan nə qədər tez istefa edərsə, onun üçün daha yaxşı olacaq. Onun sözlərinə görə, qəzəbli insanlar Paşinyanı parçalayacaq.
Ter-Petrosyan hesab edir ki, müxalif siyasətçinin sözləri son dərəcə təhlükəlidir və bu cür şiddət vətəndaş müharibəsi ilə nəticələnə bilər:
"Bunlar sadəcə sözlər olsaydı, narahatlığa səbəb olmazdı. Ancaq Manukyan minlərlə tərəfdarı ilə baş nazirin iqamətgahını əhatəyə alıb və onun çıxışı açıq şəkildə zorakılığa hazır olduqlarını göstərir. Baş nazirin vəzifəsi də az təhlükəli deyil. Onun ritorikası və davranışı, vəzifədən getmək istəməməsi qarşıdurmaya hazır olduğunu göstərir. Hər iki tərəf qərarlı olarsa, münaqişə qaçılmazdır.
Hər ikisinin də parlamentə "basqın" etmək təcrübəsi var - 1996-cı ildə Manukyan, 2018-ci ildə Paşinyan. Ancaq 2018-ci ildə iqtidar hakimiyyəti Paşinyana tapşırmışdısa, bu gün mövcud baş nazirin bənzər bir addım atmağa hazırlıq görmədiyi açıq görünür".