“16 partiyanın təmsil olunduğu Ermənistan müxalifəti müvəqqəti baş nazir vəzifəsinə namizəd barədə qərar verdi: həmin şəxs ölkənin ilk baş naziri Vazgen Manukyan oldu”.
LEQAL.AZ xəbər verir ki, bu barədə “Ermənistan Səsi” qəzeti yazıb.
Nəşr Manukyanın Ermənistan cəmiyyəti arasında böyük nüfuzunun olduğunu iddia edib:
“Çoxları onu 1996-cı ildə keçirilən prezident seçkilərində müxalifətin qələbəsini müdafiə edə bilməməsinin əsas günahkarı hesab edir. İndi ona da diqqət çəkirlər ki, 24 il sonra Manukyan yenidən müxalifətin vahid namizədi oldu və 90-cı illərin ortalarında olduğu kimi, bu gün də Qarabağ məsələsi Ermənistan üçün çox vacibdir. Bu hal, eləcə də bir sıra digər əsas amilləri götürsək, onun ölkə və xalq üçün ən məsuliyyətli və ən çətin dövrdə dövlət başçısı vəzifəsinə seçilməsi nəzərə alınmalıdır.
Əvvəla, taxılı samandan ayırıb, ən əsas məsələni başa düşə bilmək lazımdır: bugünkü Ermənistan şəraitində - praktik olaraq dövlət və siyasi xadimlərə tüpürüldüyü və nüfuzdan salındığı, partiyalara, ictimai-siyasi qüvvələrə inamın sıfıra endirildiyi vaxt ölkənin yeni liderini seçmək məsələsində zərgər dəqiqliyi son dərəcə vacibdir”.
Qəzet bildirir ki, Vazgen Manukyan hazırkı Baş nazir Paşinyanın yerinə keçəcəyi təqdirdə çətin məsələləri həll etməli olacaq:
“Manukyanın əsas vəzifəsi dövlətin böhran əleyhinə idarəçiliyinin təşkili, xalqın müharibədən sonrakı dövrdə şok vəziyyətindən çıxarılması, ilk növbədə təhlükəsizlik məsələlərinə yönəldilməsi, Qarabağ məsələsinin həlli ilə bağlı danışıqlara başlamasıdır. Müxalifət üçtərəfli bəyanatın (Rusiya, Azərbaycan və Ermənistan arasında) ləğv edilməsini və ya yerinə yetirilməsinin dayandırılmasını vurğulayır”.
Qəzet I Qarabağ savaşında Şuşanın işğal edilməsindən sonra Ermənistanın müdafiə naziri olan Vazgen Manukyanın həmin vaxt dövlət başçısı olan Levon Ter-Petrosyanın onu bu postdan uzaqlaşdırmasına da diqqət çəkib.(teleqraf)
Manukyan bu postdan azad edildikdən sonra, 1996-cı ildə keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi kimi Ter-Petrosyana məğlub olmuşdu. 74 yaşlı siyasətçi indiyədək Ermənistan müxalifətinin vahid namizədi olmuş yeganə şəxsdir.