Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin bir sıra yerlərində mövqeləri geri qaytarıblar.
“Report”un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində danışıb.
"Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır. İtki riskinin az olduğu yerlərdə bölmələrimiz əks-hücuma keçərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub", - Çerevatı bildirib.
O qeyd edib ki, Baxmut Rusiya hərbçiləri üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.
16:10
Ukraynanın 3-cü həmlə briqadası Baxmut ətrafında bəzi əraziləri işğalçı qüvvələrdən təmizlədiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə briqadanın mətbuat xidməti məlumat yayıb.
“1 730 m uzununa, 700 m isə içəriyə ərazi düşməndən təmizlənib. Ukraynalı döyüşçülərin əvvəllər tutduqları mövqeləri geri qaytarmağa çalışarkən Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının bölmələri darmadağın edilib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, mayın 20-dəki döyüşlərdə Rusiyanın 23 hərbçisi öldürülüb, 40 nəfər isə yaralanıb. Həmçinin qarşı tərəfin texnikası, o cümlədən tankları məhv edilib.
“Düşmən hücumlarını uğurla dəf edərək inamla irəliləyirik”, - məlumatın yekununda vurğulanıb.
Xatırladaq ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti, daha sonra Rusiya Müdafiə Nazirliyi Baxmut şəhərinin ələ keçirildiyini açıqlasalar da, rəsmi Kiyev bu məlumatı təkzib edib.