Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) LEQAL.AZ-a bildiriblər ki, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə cəlb olunmuş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin səyi nəticəsində ərazinin mürəkkəb dağlıq relyefə malik olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülərək alovun geniş əraziyə yayılmasına və sıx meşəyə keçməsinə imkan verilməyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.