Azərbaycan 30 hərbçinin meyitini və 2 mülki şəxsi Ermənistana təhvil verib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərdə jurnalistlərə müsahibəsində deyib.
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikası tərəfindən humanitar təşəbbüs irəli sürülüb. Bu da Azərbaycanda olan, yəni döyüş meydanında qalmış 30-dək erməni əsgər və zabitinin meyitinin Ermənistan tərəfinə verilməsi idi. Həmçinin Azərbaycan tərəfdə olan iki nəfər yaşlı Ermənistan vətəndaşı da var idi. Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi", - deyə Hikmət Hacıyev bildirib.