Bu gün, 30 mart 2021-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyi və “Yeni həyat” qəzetinin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “31 mart-tarixi yaddaşımızdan silinməyən soyqırım” mövzusunda onlayn konfrans keçirilmişdir.
Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Elvin Hüseynli, Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov, ziyalı və gənclər iştirak edmişlər.
Tədbir başlamazdan öncə soyqırım qurbanlarının xatirəsi sükutla yad edildi.
Tədbiri açan Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli Fərmanından sonra hər il 31 mart Azərbaycan Respublikasında Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqının və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında bildirdi ki, Azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
“Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov bildirdi ki, Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Erməni qəsbkarları dinc əhalini kütləvi şəkildə qətlə yetişmiş, kəndləri yandırmış, milli-mədəniyyət abidələrimizi məhv etmişdir.
Digər çıxış edənlər erməni şovinistlərinin törətdikləri vəhşiliklərdən söhbət açmışlar.
Əlihüseyn ŞÜKÜROV.