Fövqəladə hallar naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət risklərinin idarə olunması üzrə VIII nazirlər konfransında iştirak edib VİDEO

Fövqəladə hallar naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət risklərinin idarə olunması üzrə VIII nazirlər konfransında iştirak edib VİDEO
  • Cəmiyyət

  • Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət risklərinin idarə olunması üzrə VIII Nazirlər konfransında iştirak edib.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, videokonfrans şəklində keçirilmiş beynəlxalq tədbirdə, həmçinin Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistanın fövqəladə halların idarə olunmasına cavabdeh olan dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

    “Fəlakət risklərinin azaldılması, BMT-nin Senday çərçivə proqramının həyata keçirilməsi” mövzusunda keçirilmiş tədbirin təşkilində əsas məqsəd 2015-2030-cu illəri əhatə edən Senday fəaliyyət çərçivəsi sənədinin və Dayanıqlı İnkişaf Məqsədlərinin əhatə etdiyi istiqamətlər üzrə görülmüş işlərin və qarşıda duran məsələlərin müzakirəsi, habelə fəlakət risklərinin azaldılması üzrə milli strategiyalar barəsində məlumat mübadiləsinin aparılması olub.

    Konfransda çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəruri tədbirlər həyata keçirilir. Nazir Azərbaycanda həmin istiqamətdə atılan addımlar barədə ətraflı danışaraq, bu sahədə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Senday çərçivə proqramının icra vəziyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

    İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin aidiyyəti dövlət qurumlarının rəhbərləri ölkələrində fəlakət risklərinin azaldılması və Senday çərçivə proqramı üzrə görülən tədbirlər barədə danışıblar. Həmçinin konfrans çərçivəsində qazanılmış təcrübə və istifadə olunan mexanizmlər, qarşıda duran məsələlər ətrafında geniş müzakirələr aparılıb.



    PAYLAŞ:

    Oxşar xəbərlər