Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Belarus Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə sorğu edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Şirvan Rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan Kakavan Kavus Zəfər oğlunun – ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşlarından ibarət tərkibdə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası vətəndaşları Nacıyev Elvin Zamanəli oğlunun və Sarıbalaev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Kakavan Kavus Zəfər oğlu barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxsin yerinin müəyyənləşdirilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Belarus Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin olunub və Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.