Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb

Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb
  • Cəmiyyət

  • Tbilisidə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

    LEQAL.AZ xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutub.

    Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Səudiyyə Ərəbistanının səfiri, həmçinin Qazaxıstan, Ukrayna, Türkmənistanın səfirliklərinin məsul əməkdaşları, gürcü və azərbaycanlı ictimai-siyasi xadimlər, ziyalılar iştirak ediblər.

    Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Səfir Faiq Quliyev çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Xocalı soyqırımının əsas səbəbləri barədə məlumat verib. Xocalı faciəsinin dünyanın ən dəhşətli soyqırımları ilə bir sırada dayandığını vurğulayan diplomat deyib: “Zaman-zaman azərbaycanlılara qarşı terror və soyqırımı aktları həyata keçirən ermənilər əslində bu yolla özlərinin çirkin niyyətləri və əməllərini, öz iyrənc simalarını göstəriblər”. O sülhün tərəfdarı olan Azərbaycanın haqq səsinin artıq bütün dünyada dəstəkləndiyini vurğulayıb, lakin bəzi dövlətlərin hələ də Xocalı faciəsinə düzgün qiymət vermədiyini təəssüf hissi ilə qeyd edib. Bildirib ki, Azərbaycanın uğurla həyata keçirdiyi 44 günlük Vətən müharibəsinədək Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayıb və nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

    Səfir qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi sonuncu hərbi təxribatı Azərbaycanın dəmir yumruğu ilə qarşılaşıb və Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

    Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında bildirib ki, Xocalı soyqırımının törədilməsindən 29 il keçsə də, səbəbkarları hələ də cəzasız qalır. O qeyd edib ki, dünyanın Xocalı soyqırımı barədə məlumatsız olmasının heç bir bəraəti yoxdur.

    Səfir Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Xocalı qurbanları üçün də ədalətin tezliklə zəfər çalacağına ümidvar olduğunu vurğulayıb.

    Gürcüstanın 1997-2007-ci illərdə Azərbaycanda səfiri olan Zurab Qumberidze çıxışında deyib ki, 26 fevral tarixinin Azərbaycan xalqı üçün nə qədər ağrı-acılı gün olduğunu bilir. O, qətliamı törədənlərin layiqli cəzalarına çatacaqlarına inandığını qeyd edib.

    Tədbirin sonunda Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyorları tərəfindən hazırlanan “Ana fəryadı” teatral səhnəsi nümayiş etdirilib.








    azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər