Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə xüsusi mina axtarışı və təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb.
FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, yanvarın 3-29-da İzmirdə İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilmiş kurslarda iştirak etmiş nazirliyin əməkdaşları ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsində bilik və bacarıqlarını təkmilləşdiriblər. Kursun yekununda şəxsi heyətə təlim-tədris prosesini bitirmələri barədə sertifikatlar təqdim olunub.
Bundan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib. FHN-in kinoloqlarının həmin itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür.