Naxçıvan Qarnizonu Qoşunlarında 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib - VİDEO
  • Siyasət

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu Qoşunlarında 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.

    Bu barədə LEQAL.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir.

    2021-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən toplantılarda müxtəlif ixtisaslı gizirlər və manqa komandirləri iştirak ediblər. Taqım komandirləri, bölük, batareya, tabor, divizion, birləşmə komandirləri və müavinləri ilə keçirilən toplantılarda zabitlərin ixtisas hazırlıqları yoxlanılıb.

    Müxtəlif kateqoriyalı və ixtisaslı hərbi qulluqçularla keçirilən toplantılarda əsas diqqət 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin təcrübəsinin öyrənilməsinə yönəldilib. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı nəzərə çatdırılıb ki, “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə peşəkarlaşan hərbi qulluqçularımız döyüşlərdə “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə böyük əzmlə Şuşa şəhərinədək irəlilədilər.

    2021-ci tədris ilinə hazırlıq tədbirləri çərçivəsində bütün birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazaları və tam təchizatı yoxlanılıb.

    Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan toplantılar başa çatdıqdan sonra 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev müşavirəni açıq elan etdikdən sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib və ordu quruculuğundan bəhs edən “Zəfər ili-2020” adlı film nümayiş etdirilib.
    Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev 2020-ci tədris ilində qoşunlarda həyata keçirilmiş tədbirləri təhlil edərək bildirib ki, “Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən milli ordumuz olmalıdır” deyən ümummilli liderimiz Heydər Əliyevin Ordumuzun döyüş və peşəkarlıq səviyyəsinin artırılması sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Qarnizonu Qoşunları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif
    Talıbovun diqqət və qayğısı ilə müasir silah və texnikalarla təmin olunub və yüksək döyüş qabiliyyətinə malikdir. Yola saldığımız 2020-ci il ərzində Naxçıvan Qarnizonu Qoşunlarında hərbi infrastrukturun yenilənməsi istiqamətində tədbirlərin uğurla davam etdirilməsi muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır.

    Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2020” birgə taktiki təlimində birləşmə və hissələrin şəxsi heyəti yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirib, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib.
    Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev vurğulayıb ki, işğal edilmiş torpaqlarımızın “Vətən müharibəsi” ilə geri alındığı 2020-ci il Azərbaycan hərb tarixində “Qələbə ili” kimi özünəməxsus yer tutaraq yaddaşlardan silinməyəcək. 27 sentyabrda Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ilə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri Naxçıvan Muxtar Respublikasının müdafiəsini, ərazi bütövlüyünü və toxunulmazlığını təmin etmək üçün tam döyüşə hazırolma vəziyyətinə gətirildi.
    Qarabağ istiqamətində şiddətli döyüşlər davam edərkən Əlahiddə Üumumqoşun Ordunun hərbi qulluqçuları döyüş fəaliyyətlərinə və xüsusi döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edildi. Müharibə dövründə xüsusi təyinatlı bölmələrimiz döyüş tapşırıqlarını uğurla yerinə yetirərərək, işğal edilmiş şəhər, qəsəbə və kəndlərimizin, həmçinin vacib yüksəkliklərin azad edilməsində xüsusi şücaət göstərdilər. Azərbaycanımızın bütövlüyü və Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından yaralanan və şəhidlik zirvəsinə ucalanlar da oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun şəhidlərə, qazilərə və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğı hər birimizə bariz nümunədir.

    Məruzə ətrafında müzakirələr zamanı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyevin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimovun, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyevin, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik Ramin Əhmədovun, Hərbi Prokurorluğun şöbə rəisi, ədliyyə mayoru Bəhruz Məmmədovun 2020-ci tədris ilində görülmüş işlər və 2021-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib.

    Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi,
    general-mayor Fazil Ağalarov qoşunların qarşılıqlı əlaqəsini koordinasiya etmək məqsədi ilə təsdiq olunmuş “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı” haqqında ətraflı məlumat verib.

    Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev 2021-ci tədris ilində qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis Sədrinin tapşırıqlarını diqqətə çatdıraraq müşavirəyə yekun vurub.

    PAYLAŞ:

    Oxşar xəbərlər