Yanvarın 20-dən başlayaraq yağan ilk qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal xidmətləri tərəfindən paytaxtda payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun olaraq operativ tədbirlər həyata keçirilib.
BŞİH-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, qar yağmış ərazilərdəki prospekt, küçə və yollar gecə saatlarında burada növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, bəzi yerlərə duz səpilib.
Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının, yol kənarlarına yığılan çirkabların təmizlənməsi, səkilərin və onların kənarlarının, həmçinin buradakı işıq dirəklərinin yuyulması işləri həyata keçirilib.
Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.
Təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.
Qeyd edək ki, yanvarın 23-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları üçün iməcilik elan edilib.