Prezident İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlar uğurla icra edilir. Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə Prezident tərəfindən ayrılan maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən Almaniya istehsallı kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Bu iş bu il də davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin genişləndirilməsinə baxmayaraq, ümumilikdə bu il alınması nəzərdə tutulan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin 16-sı noyabr ayında Bakıya gətirilib və onların istismarına başlanılıb. Bu gün isə daha 10 ədəd kommunal təyinatlı avtotexnika Bakıya gətirilib.
Yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə imkan verəcək.