İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə edib. 2300 şəxsə sosial ödənişlər təyin olunub. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Əlavə olaraq mülki şəhidlərimizin sosial ödənişlərinin hamısı prioritet qaydada tam şəkildə təmin olunub, onlara sosial-psixoloji reabilitasiya xidmətləri təqdim edilib. Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb. İşçi qrupunda bütün aidiyyəti dövlət qurumlarının üzvləri var və əlaqələndirilmiş iş nəticəsində şəhid ailələrinin, müharibədə yaralanan şəxslərin, müharibə iştirakçılarının sosial təminatı, sosial ödənişləri, məşğulluq tədbirləri sürətlə aparılır.
LEQAL.AZ xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yanvarın 6-da Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Nazir qeyd edib ki, 1500 şəhid ailəsinə, müharibə əlilinə mənzillərin və evlərin verilməsinə dair keçən il üçün planımız var idi. 1450 mənzil və fərdi ev artıq bu şəxslərə təqdim edilib və növbəti 10-15 gün ərzində - yanvarın 15-dək 1500 evin hamısı təqdim olunacaq.