44 günlük Vətən müharibəsində ermənilərə əsir düşərək bir aydan artıq əsirlikdə olan Amin Musayev “İki sahil”ə açıqlama verib. O bildirib ki, bir aya yaxın müddətdə onunla çox pis davranıblar: “Mən Şuşa-Xankəndi istiqamətində gedən qanlı döyüşlərdə əsir düşdüm. Xankəndinə gedən yolda ayaq nahiyyəmdən yaralandım. Yüksəklik ərazidə ermənilər var idi, mən isə tək idim, yanımda bizim əsgərlərdən heç kim yox idi. Kolluq ərazidə gizlənərək özümə mövqe seçdim. Tərslikdən silahım da yanımda deyildi, yaralananda düşmüşdü. Başqa silah götürmüşdüm ərazidən. Bir müddət sonra ermənilər yerimi bildi, arxadan fırlanıb gələrək məni tutdular. Gəldiklərini hiss etdikdə atəş açdım, amma silah tutuldu, bir də atdım, yenə tutuldu, bəxtim bura qədər idi, məni əsir aldılar. Amma silahım atəş açsa idi belə olmayacaqdı, öz silahım olsa onları zərərsizləşdirə biləcəkdim. O anda ölmək, şəhid olmaq istədim. Mənimlə pis davrandılar. Orada rus jurnalist də var idi. Əvvəl inanmadı azərbaycanlı olduğuma, sonra inandı. O komək etdi, ayağıma sarğı qoydu. Ermənilər təhqiredici sözlər deyirdi, mən də cavablarını verirdim, sonra avtomatın qundağı ilə məni vuraraq avtomobilə qoydular. O zaman ayın 11-i idi, özümdən getdim sonra, ayılanda artıq 14-ü idi, üç gün özümdə olmamışam. Harda, hansı rayonda olduğumu bilmirdim, yalnız erməni xəstəxanasında olduğumu bilirdim. Bu dəhşətli bir şey idi, yenə də deyirəm ki, əsir düşməkdənsə, şəhid olmaq istəyirdim o an.”
Amin bildirir ki, bütün əzablara, əsirliyə baxmayaraq içində Vətənə qayıdacağı ümüdünü heç vaxt itirməmişdi: “Bütün bunlara baxmayaraq içimdə bir ümüd var idi. Bilirdim ki, Ramil Səfərovu Macarıstan həbsxanasından azad edərək Vətənə gətirən Müzəffər Ali Baş Komandanımız məni də ermənilərin əlində qoymayacaq. Allahıma çox şükürlər olsun ki, bu ümüdüm gerçək oldu, cənab Prezidentimizin sayəsində hazırda doğma Vətəndəyəm, hazırda Aqstafaya, ailəmin, anamın yanına gedirəm. Ermənistanda dedilər ki, Bakıya gedirsən, inanmadım, elə bildim harasa başqa yerə aparırlar. Yalnız Bakıya çatanda əmin oldum. Müharibənin başa çatdığını öyrəndim, artıq mən qayıdanda Ermənistan-Azərbaycan Qarabağ manaqişəsi deyilən bir anlayış qalmamışdı, şanlı Ordumuz, qəhrəman əsgərlərimiz, şəhidlərimiz, qazilərimiz xalqımıza qələbə bəxş etmişdi. Bütün şəhidlərə Allahdan rəhmət, analara səbir, qazilərə şəfa diləyirəm. Hər şey Vətən üçün idi”.
Taleh Bağırov,