“Gələn il bizim üçün böyük quruculuq ili olacaq"
LEQAL.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Gələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib. Eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var. Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirlib, bir çoxu həbs edilib.
Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir. Bununla paralel olaraq biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi.
Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar. Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək. Ancaq bizim fikrimiz ondan ibarətdir ki, bu tarixi gözləməyək, həm dəmir yolu ilə Horadizə qədər, ondan sonra tırlarla daşımalar aparıla bilər. Bu, artıq bizim gündəliyimizdə olan vacib məsələdir.
Hesab edirəm və əminəm ki, biz artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə və əks istiqamətdən qəbul edə bilərik. Beləliklə noyabrın 10-da imzalanmış Bəyanatın önəmli hissəsi olan Naxçıvan dəhlizinin açılması da həyata keçiriləcəkdir.