Ölkə ərazisində elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar. İlkin araşdırmalarla müəyyən edilib ki, vətəndaş Bayram Fərəcov ümumilikdə 974 nəfəri özünə məxsus fəaliyyət göstərməyən MMC-lərdə guya işlədiklərini qeyd edərək həmin şəxsləri qanunuz olaraq icazə portalından qeydiyyatdan keçirib. Bu işdə Bayram Fərəcova kömək edən daha iki nəfər də müəyyənləşdirilərək polis idarəsinə gətirilib.
Şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün onlara müraciət edən vətəndaşların hər birindən 50-150 manat almaqla onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.
Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Həmin faktlarla bağlı müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.