Masallılı iş adamından növbəti nəcib təşəbbüs
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin maddi təminatının, həyat şəraitlərinin yaxşılaşdırılması, məşğulluq məsələlərinin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir. Cəbhədə döyüşən əsgərlərimizin təminatı, qidası, geyimi dövlətimiz tərəfindən yetərincə təmin olunur.
Bundan əlavə, bu günlərdə hər kəs, hər bir azərbaycanlı qələbəyə öz hədiyyəsini vermək üçün əlindən gələni əsirgəmir. Əsgərlərimizə sovqatlar göndərilir, ailələrinə kömək göstərilir.
Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin dövlətin həyata keçirdiyi tədbirlərə dəstəyinin artıq ənənə halını alması, soydaşlarımızın sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyini artırmaqla yanaşı, dövlət-vətəndaş birliyinin bariz göstəricisidir.
Xeyirxahlıq Azərbaycan xalqına məxsus olan milli dəyərlərdən, millətimizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.
Masallılar da həmişə olduğu kimi yenə də Azərbaycan dövlətinin, Şanlı Ordusunun yanında olduğunu, ölkə rəhbərinə, qətiyyətli Sərkərdəmizə dəstəklərini nümayiş etdirirlər.
Masallıda növbəti xeyriyyə aksiyası gerçəkləşib. Rayon icra hakimiyyətinin məsul işçiləri və aksiya iştirakçıları şəhid ailələrinə baş çəkib, Birinci Yeddioymaq kəndindən olan, Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan iş adamı Üzeyir Salayev tərəfindən rayon üzrə Vətən müharibəsi şəhidlərinin ailələrinə maddi yardım göstərilib.
Görüş zamanı bildirilib ki, 44 gün davam edən zəfər yürüşündə xüsusi cəsarət və liderlik nümayiş etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq.
Şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanan ziyarətçilər onların daim dövlətin qayğısı ilə əhatə olunacağını, eyni zamanda yerli icra orqanları, xeyirxah insanlar tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırıblar.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə, bütün xeyirxah insanlara minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, 27 sentyabrdan, İkinci Qarabağ müharibəsi başlayandan
Milli Ordumuza dəstək aksiyalarına səfərbər olan hər bir azərbaycanlı kimi Üzeyir Salayev də bu nəcib missiyaya qoşulub. Onun şəxsi təşəbbüsü ilə Orduya 6 ədəd avtomobil (3 ədəd “Niva”, 3 ədəd isə digər markalı maşın), texniki avadanlıqlar hədiyyə edilib, ərzaq, dərman pereparatları və digər ləvazimatlar göndərilib, yaralı əsgərlərimizin müalicəsi üçün maddi yardım göstərilib.
Üzeyir Salayevin köməyi ilə imkansız ailələrə, eləcə də əsgər ailələrinə istər maddi, istərsə də ərzaqla yardım kampaniyaları keçirilib. Kampaniya çərçivəsində dekabrın 27-də də Yeddioymaq ərazisi üzrə 400-ə yaxın ailəyə ərzaq bağlaması paylanılıb.
Bundan əlavə, rayon üzrə Vətən müharibəsi iştirakçılarının, yaralı hərbçilərin də hər birinə maddi yardım ediləcəyi nəzərdə tutulub.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyaları keçirilib və bu günlərdə də davam etdirilir. Belə ki, pandemiya dövrü başlayandan iş adamı Üzeyir Salayev tərəfindən Yeddioymaq ərazisi üzrə 170 nəfərə 100 manat məbləğində maddi, 400 ailəyə isə ərzaq yardımı göstərilib.
Bundan əlavə iş adamının maddi dəstəyilə böyüyüb boya-başa çatdığı kənddə işıqlandırma sistemi və digər idman avadanlıqları ilə təmin edilən stadion qurulub, 1 nömrəli Yeddioymaq kənd tam orta məktəbində isə əsaslı təmir işləri davam etdirilir.
Razılıq bildirən sakinlərin təbirincə desək, sevindirici haldır ki, həm pandemiya dövründə və müharibənin odlu-alovlu günlərində, həm də bu zəfər coşqulu günlərdə – Dünya Azərbaycanlılarının Həmrəyli Günü ərəfəsində xalqımızın həmrəylik və xeyirxahlıq kimi xüsusiyyətləri bir daha özünü göstərir.
Bəli, artıq ötməkdə olan çətin günlər, Vətən müharibəsindəki əzmkarlığımız, qələbəmizin möhtəşəmliyi bizləri bir-birimizə daha da yaxın edən milli birliyimizin səbəbidir. Hər zaman xalqın dəstəyinə arxalanan dövlətimizin rəhbəri vətəndaşların sonsuz məhəbbətini qazanıb – qalib xalqın qəhrəman Prezidentinə çevrilib. Bu isə, bizimçün fəxarət, ölkə başçısı üçün ən böyük mükafatdır.
Akif AĞAYEV, Masallı.