Dekabrın 29-da saat 10:00 radələrində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub.
ANAMA-dan LEQAL.AZ-a bildirilib ki, daxil olmuş məlumata əsasən agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulmuş partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ermənilər ərazini tərk edərkən minalayıblar.